Endokrinologiya orqanizmin hormonal balansını tənzimləyən endokrin sistemini öyrənən tibb sahəsidir. Endokrin sistem hormonları ifraz edən və böyümə, maddələr mübadiləsi, çoxalma və stresin idarə edilməsi kimi bir çox əsas bədən funksiyalarını idarə edən vəzilərdən ibarətdir. Qalxanabənzər vəzi, mədəaltı vəzi, hipofiz vəzi, böyrəküstü vəzilər, paratiroid vəzilər, testislər və yumurtalıqlar endokrin sistemin əsas komponentləridir.
Endokrin sistemdə hər hansı bir nizamsızlıq hormonların həddindən artıq və ya az ifraz olunmasına səbəb olaraq müxtəlif xəstəliklərə səbəb olur. Bu xəstəliklər bədənin işinə ciddi təsir göstərərək fiziki, zehni və emosional problemlərlə nəticələnir. Məsələn, şəkərli diabet, qalxanabənzər vəzi xəstəlikləri, polikistik yumurtalıq sindromu (PCOS), böyümə pozğunluğu və böyrəküstü vəzi xəstəlikləri ən çox görülən endokrinoloji xəstəliklər arasındadır.
Bu xəstəliklərə adətən hormon testləri və görüntüləmə üsulları ilə diaqnoz qoyulur. Müalicə üsulları dərmanlardan cərrahi müdaxilələrə qədər dəyişir. Endokrinoloji xəstəliklərin idarə olunmasında və qarşısının alınmasında sağlam həyat tərzinin mənimsənilməsi və mütəmadi olaraq həkim müayinəsindən keçmək böyük əhəmiyyət kəsb edir.
Endokrin sistem hormonları ifraz edən və bu hormonları qana buraxaraq bədənin müxtəlif yerlərində funksiyaları tənzimləyən vəzilər sistemidir. Bu sistem böyümə, inkişaf, maddələr mübadiləsi, çoxalma, stres reaksiyası və daxili tarazlıq (homeostaz) kimi həyati proseslərin idarə edilməsində mühüm rol oynayır. Endokrin sistemin əsası olan vəzilər isə müxtəlif hormonlar ifraz edirlər. Bu vəzilər bunlardır:
Hipotalamus: Beyində yerləşən bu bölgə endokrin sistemin nəzarət mərkəzidir və digər endokrin vəziləri tənzimləyir.
Hipofiz vəzi: Hipotalamusun altında yerləşir və "ana vəzi" adlanır. Böyümə hormonu, prolaktin və adrenokortikotropin, tireoropin (ACTH, TTH) kimi hormonları ifraz edir.
Qalxanabənzər vəzi: Boynun ön hissəsində yerləşir və maddələr mübadiləsini tənzimləyən tiroksin (T4) və triiodotironin (T3) hormonlarını ifraz edir.
Paratiroid vəziləri: Qalxanabənzər vəzinin arxasında yerləşirlər və kalsium-fosfor balansını qoruyan paratiroid hormonu parathormon ifraz edirlər.
Böyrəküstü vəzilər: Böyrəklərin üstündə yerləşir və kortizol, adrenalin kimi stres və qismən kişi və qadın cinsi hormonları ifraz edir.
Pankreas: Həm endokrin, həm də ekzokrin funksiyaları yerinə yetirir. O, insulin və qlükaqon kimi qan şəkəri balansını tənzimləyən hormonlar ifraz edir.
Yumurtalıqlar (qadınlarda): Estrogen və progesteron hormonları ifraz edir.
Xayalar (kişilərdə): Testosteron ifraz edir.
Bəs endokrin sistemin orqanizmdəki rolu nədir?
Endokrin sistem hormonlar vasitəsilə bədənin bir çox funksiyasını tənzimləyir. Bunlar aşağıdakılardır:
Böyümə və İnkişaf: Hipofiz vəzindən ifraz olunan böyümə hormonu uşaqlıq və yeniyetməlik dövründə fiziki inkişafı təmin edir.
Metabolizm: Tiroid hormonları bədənin enerji mənbəyini və istifadəsini tənzimləyir.
Çoxalma: Yumurtalıqlar və xayalar reproduktiv sağlamlığı və cinsi inkişafı dəstəkləyən hormonlar ifraz edirlər.
Stresə qarşı müqavimət: Böyrəküstü vəzilər stresin öhdəsindən gəlməyə kömək edən kortizol və adrenalin hormonları ifraz edir.
Qan Şəkərinə Nəzarət: Mədəaltı vəzi insulin və qlükaqon ifraz edərək qan şəkərini balanslaşdırır.
Ümumi olaraq qeyd etmək olar ki, endokrin sistem bədənin müxtəlif hissələrində hüceyrələr arasında əlaqə quraraq orqanların ahəngdar işləməsini təmin edir. Bu sistemdəki hər hansı bir pozğunluq hormonal balanssızlığa və müxtəlif xəstəliklərə səbəb olur. Buna görə də endokrin sistemin sağlam fəaliyyətinin qorunması ümumi sağlamlıq üçün böyük əhəmiyyət kəsb edir.
Endokrinoloji xəstəliklər endokrin sistemin hormonal balansının pozulması və ya vəzilərin funksiyalarının pozulması nəticəsində yaranan xəstəliklərdir. Bu xəstəliklər bədəndəki bir çox əsas funksiyaları təsir edə bilər və fiziki, zehni və emosional problemlərə səbəb ola bilər. Endokrinoloji xəstəliklər aşağıdakılardır:
Hipotiroidizm. Hipotiroidizm tiroid vəzinin kifayət qədər miqdarda tiroid hormonu ifraz edə bilmədiyi bir vəziyyətdir. Tiroid hormonlarının çatışmazlığı maddələr mübadiləsini yavaşladır və bir çox sistemə mənfi təsir göstərir. Bu xəstəliyin simptomlarına yorğunluq və zəiflik, çəki artımı, soyuğa qarşı həssaslıq, saç tökülməsi, dəridə quruluq, depressiya və zehni çaşqınlıq daxildir.
Hipertiroidizm. Hipertiroidizm tiroid vəzinin həddindən artıq miqdarda hormon ifraz etdiyi bir vəziyyətdir. Bu vəziyyət maddələr mübadiləsini sürətləndirir və bir çox simptomlara səbəb olur. Bu simptomlara misal olaraq sürətli ürək döyüntüsü və çarpıntıları, həddindən artıq tərləməni, kilo itkisini, əsəbilik və narahatlığı, əllərdə titrəməni qeyd etmək olar.
Şəkərli diabet. Diabet mədəaltı vəzinin kifayət qədər insulin ifraz etməməsi və ya orqanizmin insulindən effektiv istifadə edə bilməməsi nəticəsində yaranan xəstəlikdir. Tip 1 və Tip 2 olmaqla iki növə bölünür.
Şəkərli diabetin simptomlarına misal olaraq tez-tez sidiyə çıxmağı, həddindən artıq susuz olmağı, kilo itkisini (xüsusilə 1-ci tipdə), yorğunluq və zəifliyi, yaraların gec sağalmasını qeyd etmək olar.
Polikistik Yumurtalıq Sindromu (PCOS). PCOS qadınlarda hormonal balansın pozulması ilə xarakterizə olunan bir xəstəlikdir. Bu xəstəlik yumurtalıqlarda kiçik kistlərin əmələ gəlməsi ilə əlaqədardır. Xəstəliyin simptomlarına qeyri-müntəzəm menstrual dövrlər, həddindən artıq tüklənmə (üz, sinə), sızanaq, çəki artımı və arıqlamaqda çətinlik, fertilite problemləri daxildir.
Adrenal xəstəliklər. Adrenal xəstəliklər dedikdə Addinson xəstəliyi və Cushing sindromu nəzərdə tutulur. Addison xəstəliyi böyrəküstü vəzilər tərəfindən kortizol və aldosteron ifrazında çatışmazlıq olduqda baş verir. Yorğunluq və zəiflik, aşağı qan təzyiqi və başgicəllənmə, kilo itkisi, dərinin qaralması kimi simptomlarla özünü göstərir.
Cushing sindromu isə bədəndə həddindən artıq kortizol ifrazı və ya kortizol müalicəsi nəticəsində yaranan bir xəstəlikdir. Üzün yuvarlaqlığı ("ay üzü"), qarında yaranan piylər, bədəndə göyərmələr, osteoporoz və əzələ zəifliyi kimi simptomlarla özünü göstərir.
Böyümə Hormonu Pozuntuları. Bu hal da iki formada özünü göstərir:
Akromeqaliyanın simptomlarına əllərdə, ayaqlarda və çənədə böyümələr, oyaqlarda ağrılar, üz cizgilərinin qalınlaşmasını qeyd etmək olar.
Gigantizmin simptomlarına isə sürətli boy artımı, əzələ zəifliyi və inkişafda balanssızlığı qeyd etmək olar.
Paratiroid xəstəlikləri. Paratiroid xəstəliklər dedikdə hiperparatiroidizm və hipoparatiroidizm nəzərdə tutulur.
Hiperparatiroidizm paratiroid vəziləri tərəfindən paratiroid hormonunun həddindən artıq ifrazı səbəbindən kalsium səviyyəsinin artması ilə nəticələnir və simptomlarına sümük ağrıları və zəiflik, böyrək daşları, yorğunluq daxildir.
Hipoparatiroidizm isə paratiroid vəzilərinin kifayət qədər hormon ifraz etməməsi nəticəsində qanda aşağı kalsium səviyyəsini xarakterizə edir. Simptomlarına əzələ krampları və spazmları, dəridə quruluq və sinir həssaslığı daxildir.
Hipofiz vəzi xəstəlikləri. Hipofiz vəzi xəsətlikləri dedikdə Prolaktinoma, Hipopituitarizm nəzərdə tutulur.
Prolaktinoma hipofiz vəzində prolaktin hormonunun həddindən artıq istehsalına səbəb olan bir şiş xəstəliyidir və qadınlarda menstruasiya pozğunluğu və kişilərdə cinsi istəksizlik, süd ifrazının olmamasına baxmayaraq (laktasiya) döşdən ifrazatın gəlməsi kimi simptomlara malikdir.
Hipopituitarizm isə hipofiz vəzinin hormon istehsalında çatışmazlığı ilə səciyyələndirilən xəstəlikdir. Simptomlarına yorğunluq və zəiflik, soyuğa qarşı həssaslıq və çəki artımı daxildir.
Bu xəstəliklərin erkən diaqnozu və müalicəyə başlaması simptomları idarə etmək və ağırlaşmaların qarşısını almaq üçün vacibdir. Sağlam həyat tərzinə yiyələnmək və mütəmadi olaraq tibbi müayinədən keçmək endokrin xəstəliklər riskini azaltmaq üçün mühüm addımdır.
Endokrinoloji xəstəliklərin diaqnostikası hormon səviyyələrində balanssızlığı və müvafiq vəzilərin struktur və ya funksional problemlərini aşkar etmək üçün müxtəlif testlər və görüntüləmə üsullarını əhatə edir. Dəqiq diaqnoz xəstəliyin mənbəyini anlamaq və müvafiq müalicə planını yaratmaq üçün vacibdir.
Hormonal testlər. Hormon testləri qan, sidik və ya tüpürcək nümunələri ilə aparılır və bədəndəki hormon səviyyələrini qiymətləndirmək üçün istifadə olunur. Bu testlər endokrin vəzilərinin funksiyalarını təhlil etmək üçün əsas diaqnostik vasitədir. Sözügedən testlər bunlardır:
Tiroid Funksiya Testləri: TSH, T3 və T4 hormon səviyyələri qalxanabənzər vəzinin həddindən artıq (hipertiroidizm) və ya qeyri-kafi (hipotiroidizm) işlədiyini müəyyən etmək üçün ölçülür.
Qan Şəkəri və İnsulin Testləri: Diabet diaqnozu üçün qan şəkəri, HbA1c və insulin müqavimət testləri edilir.
Kortizol Testi: Kortizol səviyyələri böyrəküstü vəzin funksiyalarını qiymətləndirmək üçün qan və ya sidikdə ölçülür. Cushing sindromu və ya Addison xəstəliyi kimi şərtlərdə istifadə olunur.
Parathormone (PTH) Testi: Paratiroid hormon səviyyələrini ölçməklə kalsium mübadiləsini qiymətləndirmək üçün həyata keçirilir.
Reproduktiv Hormon Testləri: Reproduktiv sağlamlıq və hormonal balanssızlıqlar estrogen, progesteron, testosteron və prolaktin səviyyələrinin ölçülməsi ilə araşdırılır.
Böyümə Hormonu Testi: Akromeqaliya və ya gigantizm kimi böyümə pozğunluqlarında istifadə olunur.
Bu testlərin hər biri xəstəliyə görə həkim tərəfindən təyin edilir.
Təsvir üsulları. Hormon testlərinə əlavə olaraq endokrin vəzilərinin struktur problemlərinin diaqnozu üçün görüntüləmə üsulları istifadə olunur. Görüntüləmə üsulları dedikdə aşağıdakılar nəzərdə tutulur:
Ultrasəs: Tiroid, böyrəküstü vəzi və yumurtalıqların ölçüsünü və quruluşunu qiymətləndirmək üçün edilən təhlükəsiz bir üsuldur.
Maqnetik rezonans görüntüləmə (MRT): Hipofiz vəzindəki şişləri və ya beyinlə əlaqəli endokrin pozğunluqları aşkar etmək üçün istifadə olunur.
Kompüterli Tomoqrafiya (KT): Böyrəküstü vəzilərdə şişlərin və ya digər anormallıqların ətraflı təsvirlərini təmin etmək üçün üstünlük verilir.
Ssintiqrafiya: Qalxanabənzər vəzinin funksiyasını qiymətləndirmək və düyünlərin aktiv olub-olmadığını anlamaq və diaqnozu dəqiqləşdirmək üçün istifadə edilir.
Diaqnostik proses xəstəliyin səbəblərini dəqiq müəyyən etməklə müalicənin planlaşdırılmasının effektivliyini artırır. Erkən diaqnoz ağırlaşmaların qarşısını almaq və xəstənin həyat keyfiyyətini yaxşılaşdırmaq üçün çox vacibdir.
Endokrinoloji xəstəliklərin müalicəsi xəstəliyin növündən, şiddətindən və xəstənin ümumi sağlamlıq vəziyyətindən asılı olaraq dəyişir. Əsas müalicə üsullarına dərmanlar, hormon əvəzedici terapiya və cərrahi müdaxilələr daxildir. Məqsəd hormonal balansı bərpa etmək, simptomları idarə etmək və xəstənin həyat keyfiyyətini yaxşılaşdırmaqdır.
Dərman müalicəsi. Dərman müalicəsi bir çox endokrin xəstəliklərin idarə edilməsində ilk addımdır. Dərmanlar hormonal balanssızlığı tənzimləmək, simptomları aradan qaldırmaq və xəstəliyin inkişafının qarşısını almaq üçün istifadə olunur.
Hormon əvəzedici terapiya. Hormon əvəzedici terapiya bədəndə çatışmayan hormon istehsalını əvəz etmək üçün istifadə edilən bir üsuldur.
Cərrahi müdaxilələr. Bəzi endokrin xəstəliklər dərman və hormon terapiyasına cavab vermədikdə və ya struktur problemi olduqda əməliyyat tələb oluna bilər.
Yadda saxlamaq lazımdır ki, müalicə planı xəstənin simptomlarını aradan qaldırmaq və hormonal balansı bərpa etmək üçün fərdiləşdirilir. Erkən diaqnoz və düzgün müalicə xəstəliyin müalicə olunmasında uğuru artırır.
Tibbdə hirsutizm olaraq bilinən həddindən artıq tüklənmə qadınlarda kişi tipli tüklənmə vəziyyətidir. Bu vəziyyət hormonların balanssızlığından qaynaqlanır və adətən üz, çənə, sinə, arxa və qarın kimi nahiyələrdə tünd qalın tüklərin çoxalması ilə özünü göstərir. Hirsutizm qadınlarda həm estetik, həm də psixoloji narahatlığa səbəb ola və eyni zamanda daha ciddi bir sağlamlıq probleminin əlaməti ola bilər.
Düyünlü zob qalxanabənzər vəzidə bir və ya bir neçə kiçik düyününəmələ gəlməsi ilə xarakterizə olunan bir vəziyyətdir. Qalxanabənzər vəzi boynun ön hissəsində yerləşən və maddələr mübadiləsini tənzimləyən hormonların istehsalından məsul olan mühüm vəzidir. Düyünlər əsasən xoşxassəli olsa da, bəzi hallarda bədxassəli (xərçəng) olma potensialına malikdir. Bu vəziyyət boyun şişməsi, udma və ya nəfəs almada çətinlik və səs dəyişiklikləri kimi fərdin həyat keyfiyyətinə təsir edə biləcək müxtəlif simptomlar yaradır.
Müayinə üçün həkimə ehtiyacınız var?